“Turan Tovuz”un sağ cinah müdafiəçisi Faiq Hacıyev Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə antirekorda imza atıb.
Arena.az xəbər verir ki, Premyer Liqanın 19-cu turu erkən göstərilən qırmızı vərəqə ilə əlamətdar olub.
“Turan Tovuz”un futbolçusu “Kəpəz”lə səfər oyununun 9-cu dəqiqəsində cəzalanıb. Bununla da o, cari mövsümün antirekorduna imza atıb. Buna qədər ən erkən qırmızı vərəqə 6-cı turun “Zirə” – “Sumqayıt” oyununda (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə meydan sahiblərini azlıqda qoymuşdu.
Faiq həm də Premyer Liqanın Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə alan azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.
Ümumilikdə isə Faiq Hacıyev PFL bayrağı altında təşkil olunan Premyer Liqada 3-cü ən erkən qırmızı vərəqənin müəllifidir. 2017/2018 mövsümündə iki legioner daha tez meydandan kənarlaşdırılıb. “Kəpəz”in keçmiş üzvü Dedimar Fereyra 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci, “Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) 9-cu dəqiqədə belə ağır cəza alıb. Ən erkən üç qırmızı vərəqənin hamısı Gəncə klubunun iştirak etdiyi görüşlərə təsadüf edib.


