Kamerun yığmasını mərkəz hücumçusu Faris Mumbanya “Bodo Qlimt”dən tamhüquqlu əsasda Marsel “Olimpik”inə qoşulub.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.
Transfer Fransa nəhənginə 8 milyon avro məbləğində başa gəlib. Marsel “Olimpik”i Mumbanya ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Faris Mumbanya Kamerunun “Reynbou Bamenda” və ABŞ-ın “Montverde Akademi” klublarında yetişib. Kamerunlu hücumçu böyük futbolda ABŞ-ın “Betlehem Stil” ilə debüt edib. Ardınca Avropaya yol tapmış Mumbanya Norveçin “Kristiansunn”, Danimarkanın “Sönneryyusk” və Norveçin “Bodo Qlimt” klublarında çıxış edib.
Cari mövsümün birinci yarısında Mumbanya “Bodo Qlimt”in heyətində 12 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.
Faris Mumbanyanın qənimətlər muzeyində “Bodo Qlimt”lə qazandığı 2023 mövsümü Norveç çempionıuğu var.
Mumbanya 2023-cü ilin noyabrında debüt etdiyi Kamerun yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 23 yaşlı kamerunlu hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.


