“Fatih Karagümrük” Farioli ilə vidalaşdı

Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi Françesko Farioli istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 32 yaşlı məşqçiyə və köməkçilərinə xidmətlərinə görə təşəkkür edən İstanbul təmsilçisi, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Françesko Farioli bu ilin martında “Fatih Karagümrük” komandasının baş məşqçisi təyin edilmişdi. Onun rəhbərliyi altında 27 matça çıxan kollektiv 11 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi Super Liqada bu mövsüm 16 oyuna topladığı 22 xalla 11-ci pillədə qərarlaşıb.

Fariolinin adı son dövrlərdə “Fənərbaxça” ilə də hallanırdı. İstanbul klubunun Vitor Pereyranı istefaya göndərəcəyi halda, məhz italiyalı mütəxəssisə tapşırılacağı ehtimal olunur.

Yeri gəlmişkən, “Fatih Karagümrük”ün yeni baş məşqçisinin də sabiq “Fənərbaxça”lı Volkan Dəmiral olacağı iddia olunur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: