“Yuventus”un italyan vingeri Federiko Kyeza “qoca sinyora”nı tərk edərək İngiltərənin “Liverpul” klubuna keçib.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Daha əvvəl mətbuatda Kyeza ilə “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” kimi İngiltərə klublarının maraqlandığı haqda məlumatlar olsa da, o, yekunda “Liverpul”u seçib. “Qırmızılar” bu transferi 12 milyona rəsmiləşdiriblər. 26 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır.
Federiko Kyeza “Fiorentina”nın yetirməsidir. “Yuventus” italyan vingeri əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,6 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.
Federiko Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədəydi.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kyeza “Yuventus”un heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Kyezanın “byankoneri”nin heyətində ümumi çıxışının mənzərəsi isə belədir: 131 oyun, 32 qol, 23 məhsuldar ötürmə.
Federiko Kyeza 2018-ci ilin martında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Federiko Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Kyezanı heyətinə qatmış “Liverpul” sol cinah müdafiəçisi Kalum Scenlonu da “Milluol”a icarəyə verib. 19 yaşlı ingilis futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
“Liverpul”un yetirməsi olan, əsas komandada 2 oyun keçirmiş Skenlon, İngiltərənin U-15, U-17, U-18 və U-19 yığmalarında forma geyinib.


