Futbol üzrə İtaliya yığmasının da üzvü olan yarımmüdafiəçi Federiko Kyeza “Yuventus”la yeni müqavilə barədə razılığa gələ bilmir.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Kyezanın agenti Fali Ramadani də müştərisinin Turin klubu ilə müqaviləsini yeniləməkdə çətinlik çəkdiyini bildirib. Amma o, hücumçunun indiki klubundan yüksək məbləğ tələb etməsi barədə yayılan xəbərləri təkzib edib:
“Federiko Kyeza heç vaxt “Yuventus”la yeni müqavilə imzalamaq üçün mövsümə 8 milyon avro xalis məvacib istəməyib. Bu, həqiqətə uyğun deyil, saxta xəbərdir”, deyə futbolçunun agenti Ramadani bildirib.
2022/2023 mövsümündə Kyeza “Yuventus”un heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. O, indiyə qədər Turin təmsilçisində keçirdiyi 94 oyundan 22 qol və 22 məhsuldar ötürmə ilə ayrılıb.
25 yaşlı sol cinah vingeri daha öncə yalnız “Fiorentina”da forma geyinib – 153 oyun, 34 qol, 25 assist.
“Transfermarkt” internet-portalı Kyezanı 40 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Liverpul”un Kyezanı imzalamaq istəyi barədə məlumat yayılmışdı.


