Futbol üzrə Azərbaycan millisinin baş məşqççisi Fernando Santos bu gün mətbuat konfransında komandaya dəvət etdiyi oyunçuları açıqlayıb.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis daha sonra heyətlə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cabablandırıb:
“Gözləntilər həmişə olduğu kimi yaxşı məşq etmək, yaxşı hazırlaşmaq və qarşıdakı oyunlarda qələbə qazanmaqdır. Əlbəttə, bəzi oyunçular var ki, onları da milliyə dəvət etmək istəyərdim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramill Şeydayev və Ozan Can Kökçü də dəvət edilmişdilər. Son oyunlarda klublarında mütəmadi oynamırlar. Ona görə də dəvət edilməyiblər. Oynamayan futbolçu toplanışa dəvət almayacaq. Gələcəkdə mütəmadi oynasalar, yenə də millinin qapısı onların üzünə açıqdır”.
Fernando Santos yığmamızda olduğu müddət həm nəticə, həm də sərgilənən oyun baxımından ciddi irəliləyişin olmaması barədə suala belə cavab verib:
“Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm”.
Santos Azərbaycan Premyer Liqasının səviyyəsini də dəyərləndirib:
“Qarabağ”ın hansı səviyyədə çıxış etdiyini bilirik. Amma ümumi çempionata 10 ballıq şkala üzrə 5 bal verərdim. Hər komandanın baş məşqçisi çalışır ki, istəklərinə nail olsun, reallaşdırsın. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır”.
Fernando Santos Vüsal İsgəndərliyə niyə dəvət göndərməyib?
Fernando Santos Türkiyənin “Boluspor” klubunda legioner həyatı yaşayan Vüsal İsgəndərlini niyə milliyə dəvət etməməsinə də aydınlıq gətirib:
“Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir. Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizədində olmursan, ehtiyatda oturursan. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun təcrübəsi olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Var, amma çox azdır. Biri Renat Dadaşovdur. Milliyə dəvət olan futbolçular mütəmadi oynamalıdırlar. Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq. Mən də istəyərdim ki, yerlilər daha çox oynasınlar”.
Milli üzvləri çempionat bitdikdən sonra birbaşa milliyə cəlb olunacaqları üçün istirahətə vaxtları olmayacaq. Fernando Santos bu amilin futbolçuların motivasiyasına təsiri barədə də danışıb:
“Ümid edirəm ki, bu, onların motivasiyalarına pis təsir etməz. Biz ayın 27-dən toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Sənin milli ruhun, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gəlməlisən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gəliblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, onlar milliyə sevinclə gələcəklər”.


