Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Latviya yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis Riqada baş tutmuş və 0:0 hesablı heç-heçə ilə yekunlaşmış matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Fikrimcə, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı. İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi. Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə məqam qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi.
Əlbəttə, Riqaya qələbə qazanmağa gəlmişdik. Amma o komanda ki, topa nəzarət etmir, heç vaxt qələbə qazana bilməz. Topa nəzarət yoxdursa, qələbə də ola bilməz. Təhlükəli epizodlar yaratdıq. Qapıya zərbə vurmuruq”.
Fernando Santos Mahir Emrelinin 2 metr məsafədən qol vura bilməməsinə də şərh verib:
“Bu da futbolun bir hissəsidir. Belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Nəriman Axundzadənin də epizodları var idi. Oyunu ümumi təhlil etsək, komanda pis çıxış etmədi. Bəzi məqamlar var ki, daha yaxşı etməliyik”.
Fernando Santos bu oyunda zədə almış Elvin Bədəlovun durumuna da aydınlıq gətirib:
“Ayağında problem var. Həkimlər baxandan sonra dəqiq məlumat verəcəklər”.


