Flinn Dauns “Vest Hem”i “Sauthempton”a dəyişdi – 17,85 milyona

“Vest Hem”in dayaq yarımmüdafiəçisi Flinn Dauns bu klubdan birdəfəlik ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Sauthempton”a keçib.

Arena.az bu barədə “Sauthempton”un rəsmi saytına istinadən məlumat verir.

Sözügedən klub “Vest Hem”ə 17,85 milyon avro ödəməklə Daunsu tamhüquqlu əsasda heyətinə qatıb. 25 yaşlı ingilis futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Flinn Dauns “İpsviç Taun”un yetirməsidir. Yarımmüdafiəçi “Suonsi Siti”də də çıxış edib. “Vest Hem” onu 2022-ci ilin iyul ayında 10,65 milyon avro qarşılığında heyətində qatmışdı. İngilis futbolçu bu klubun heyətində cəmi 35 oyuna çıxıb.

Dauns ötən mövsümü məhz “Sauthempton”da keçirib. Sözügedən klub icarəyə götürdüyü bu oyunçunun çıxışından razı qaldığı üçün bu yay transfer hüquqlarını da alıb. Flinn bu klubun heyətində 37 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Flinn İngiltərənin U-19 və U-20 yığmalarında da oynayıb.

“Sauthempton” hücumçusu Adam Armstronqla da yeni müqavilə imzalayıb. 27 yaşlı ingilis forvardla müddəti 2027-ci ilin 30 iyununa qədər sözləşmə imzalanıb.

Adam Armstronq “Nyukasl”ın yetirməsidir. Hücumçu “Koventri Siti”, “Barnsli”, “Bolton Uonderers”, “Bləkbörn Rovers” kimi klublarda da çıxış edib. “Sauthempton” Armstronqu 2021-ci ilin iyul ayında 17,7 milyon avroya “Bləkbörn”dən transfer edib. O, bu klubun heyətində 119 oyuna çıxıb, 29 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Adam Armstronq İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: