Fransa çempionatında turun son matçı yarıda qaldı – VİDEO

Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

Kifayət qədər məhsuldar alınan “Mets” – “Bordo” matçında qalib müəyyənləşməyib. “Strasburq” – “Reyms” görüşü də bərabərliklə yekunlaşıb. “Brest” “Lans” üzərində darmadağına sevinib. “Anje” “Loryan”ı, “Sent-Etyen” isə “Trua”nı minimal hesabla üstələyib.

Turun qapanış matçında Lion və Marsel “Olimpik”ləri qarşılaşıb. Lakin bu görüş yarımçıq qalıb. Buna yerli azarkeşlərin qonaq futbolçulara oynamaq imkanı verməmələri səbəb olub. Belə ki, matçın 3-cü dəqiqəsində Marsel təmsilçisi künc zərbəsi yerinə yetirmək istəyərkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına su qabı dəyib. Qarşılaşmanın baş hakimi komandaları meydandan çıxarıb. Uzun sürən müzakirələrdən sonra oyunun davam etdirilməməsi qərara alınıb və görüş təxirə salınıb.

Xatırladaq ki, bu, Fransa çempionatında bu mövsüm Dmitri Payetlə bağlı ikinci belə hadisədir. Liqa 1-in 3-cü turunun “Nitsa” – “Olimpik” (Marsel) görüşündə də ikinci hissə oynanılarkən azarkeşlərdən biri Payetə butulka atmışdı. O isə öz növbəsində butulkanı azarkeşlər tərəfə fırlatmışdı. Bundan sonra fanatlar meydana daxil olmuş və qarşılaşma təxirə salınmışdı. Həmin qarşılaşma yalnız oktyabrın 27-də keçirilmiş 1:1 hesabıyla başa çatmışdı.

Fransa Liqa 1
14-cü tur
19 noyabr

Monako – Lill 2:2
Qol: Diatta, 41. Ben Yedder, 83 – David, 5-pen; 9.

20 noyabr

PSJ – Nant 3:1
Qol: Mbappe, 2. Appya, 81-öz qapısına. Messi, 87 – Muani, 76.

Renn – Monpelye 2:0
Qol: Terrye, 8. Mayer, 28.

21 noyabr

Brest – Lans 4:0
Qol: Munye, 3. Şardonne, 13. Favr, 33. Le Duaron, 69.

Anje – Loryan 1:0
Qol: Manqani, 68.

Mets – Bordo 3:3
Qol: De Preville, 45. Nquette, 51; 70 – Elis, 17. Udin, 39; 65.

Strasburq – Reyms 1:1
Qol: Belleqarde, 90+6 – Ekitike, 22.

Trua – Sent-Etyen 0:1
Qol: Trauko, 60.

Klermon – Nitsa 1:2
Qol: Ojye, 17 – Quiri, 76; 82.

Olimpik (Lion) – Olimpik (Marsel) matçı yarıda dayandırılıb