Futzal millimizin liderləri Ukrayna ilə oyuna hazırlığı şərh etdilər

Bu gün futzal üzrə Azərbaycan millisinin mətbuat üçün açıq məşqçi keçirilib. Arena.az xəbər verir ki, mşqdən əvvəl komandanın kapitanı Rizvan Fərzəliyev də qapıçı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıblar:

“Bizim üçün uğurlu rəqib deyil”

Rizvan Fərzəliyev: “Hazırlığa dekabrın 12-dən başlamışıq. Dünən və bu gün isə gündə 2 dəfə məşq keçirik. Məşqlərdə fiziki hazırlığa yox, taktiki çalışmalara daha çox yer verilir. Əlbəttə, yoxlama oyunu olsa da, Ukrayna ilə matçlarda həm yaxşı nəticə qazanmaq, həm də səhvlərimizi, çatışmazlıqlarımızı görmək istəyirik. Çünki yanvarda da toplanışımız və yoxlama oyunumuz olacaq. Həmin hazırlıq prosesində bu matçlarda ortaya çıxacaq səhvlər üzərində işləyəcəyik.

Adından da göründüyü kimi, Ukrayna ilə oyunlarımız yoxlama xarakteri daşıyacaq. Lakin reytinq əmsallarına xallar əlavə etmək baxımından qələbə qazanmaq lazımdır. Baş məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Elə etməliyik ki, Avropa çempionatının final mərhələsinə tam hazır yollanaq.

Ukrayna millisi ilə ilk dəfə 2010-cu ildə qarşılaşmışdıq. Həmin vaxt final mərhələsinin 1/4 final matçı idi. Əsas və əlavə vaxt heç-heçə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşdi. Sonrakı illərdə isə həm rəsmi oyunlarda, həm də turnirlərdə üz-üzə gəldik. Ümumiləşdirsək, bizim üçün uğurlu rəqib deyil. Çox qaçan komandadır. Biz isə texnikalı oyuna üstünlük veririk. Ona görə də oyun çətin keçəcək”.

“Bizim təcrübəmiz onlardan çoxdur”

Rövşən Hüseynli: “Məşqlərimiz yaxşı keçir. Əhval-ruhiyyəmiz də yaxşıdır. Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək. Avropa çempionaytının final mərhələsində 6-cı dəfə çıxış edəcəyik. Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin. Ümumiyyətlə, final mərhələsində iştirak edəcək 16 komanda arasında asanlıqla məğlub ediləcək komanda yoxdur. Sadəcə, bizim təcrübəmiz onlardan daha çoxdur. Bosniya və Herseqovinaya gəldikdə, onlara qarşı bir dəfə – 4-5 il əvvəl oynamışıq. Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq. Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur. Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı konsentrasiya olmuşuq. Çalışacağıq bu dəfə meydandan xalla ayrılaq.

Ukrayna millisinə gəldikdə, 2 ay əvvəl onların çempionuna qarşı oynadıq. Oyun üslubu demək olar, eynidir. Həmin klubun 3 üzvü də millidə iştirak edəcək. Oyun əhəmiyyətlidir. Futzal üzrə Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün bu görüşlə başlayacaq.

Hər bir oyunun təyinatı var. Yoxlama oyunu olmasına baxmayaraq, qələbə əlavə stimul verir. Ukrayna ilə matçda da hesab önəmli olacaq, qələbə bizə reytinq xalları qazandıracaq. Amma tapşırıqları baş məşqçi verir. Çox güman, final mərhələsinin oyunlarında istifadə edəcəyimiz taktiki gedişləri, “ev tapşırıq”larını bu görüşlərdə sınayacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: