Futzal: Rövşən Hüseynli millidən kənarlaşdırıldı – Səbəb

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin növbəti oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, aprelin 11-də səfərdə İsveç və aprelin 15-də isə Bakıda Xorvatiya yığmaları ilə qarşılaşacaq Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb. Bu toplanış üçün

İlkin açıqlanan heyətdə 3 dəyişiklik edilib. Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Əvəzində Vitali Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Yeri gəlmişkən, Rövşən Hüseynlinin İsveç və Xorvatiyaya qarşı oyunlardan əvvəl heyətdən kənarlaşdırılmasının səbəbi də müəyyənləşib. Əldə etdiyimiz məlumata görə, təcrübəli qapıçı intizamsızlıq səbəbindən heyətdən çıxarılıb. Belə ki, o, təlim-məşq toplanışı ərzində komanda ilə birlikdə bazada qalmayıb və məşqlərə evdən gəlib-getmək istədiyini bildirib. Həmçinin futzalçı dünən axşam məşqindən sonra komanda yoldaşları ilə birlikdə avtobusa minməyib. Bu səbəbdən millinin baş məşqçisi Vitali Borisov onu heyətdən kənarlaşdırıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti isə bu məqama belə şərh verib:

“Bu, baş məşqçinin qərarıdır. Heyətlə bağlı seçim ona məxsusdur və baş məşqçinin qərarı müzakirə olunmur. İntizam komanda üçün çox vacibdir və hər kəs buna riayət etməlidir. Rövşən Hüseynli millidən ömürlük kənarlaşdırılmayıb. Bu qərar hazırkı vəziyyətlə bağlıdır. Gələcəkdə necə olacağı ilə bağlı baş məşqçi qərar verəcək. Millinin qapısı hər kəsin üzünə açıqdır”.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək komandamız ertəsi gün İsveçə yola düşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: