Qadınlar arasında Azərbaycan çempionatında fasiləyə çıxan “Gəncə” voleybol klubu heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb.
Arena.az xəbər verir ki, sözügedən klub rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb.
Məşqçilər korpusunun etimadını doğrultmayan voleybolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.
Xatırladaq ki, “Gəncə” Azərbaycan Yüksək Liqasında 2023-cü ildəki sonuncu oyununu “Azərreyl”ə qarşı keçirib və 0:3 hesabıyla uduzub. Bu komanda 2023-cü ili 9 xalla turnir cədvəlində dördüncü pillədə başa vurub.


