Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” voleybol klubunun İdarə Heyətinin iclası keçirilib.
Arena.az xəbər verir ki, iclasda klubun prezidenti Elvar Osmanov komandanın qarşısına qoyulan hədəflərdən danşıb.
O, heyətin Azərbaycan Yüksək Liqasına hazırlığı ilə maraqlanıb. Komandanın yeni mövsüm üçün planları barədə çıxış edən klubun baş məşqçisi belaruslu mütəxəssis Sergey Çasnavitski voleybolçuların hazırlığı, məşq prosesi barədə məlumat verib. O, heyətin yeni mövsümün startına qədər tam hazır olacağını diqqətə çatdırıb.
Görüşdə komandanın ev və səfər oyunlarına hazırlığı, qarşıdakı planlar da müzakirə olunub. Klubun texniki heyət üzvləri arasında koordinasiyasının daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Gəncə” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Sözügedən klub Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb.
Yeri gəlmişkən, bu gün sözügedən klubla Gəncə Şəhər Birləşmiş Xəstəxanası arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni klub prezidenti Elvar Osmanov və sözügedən xəstəxananın direktoru İlkin İsmayılov imzalayıblar.
Bir illik müqaviləyə əsasən, Şəhər Birləşmiş Xəstəxanası klubun sağlamlıq sponsoru olacaq. Tibb müəssisəsi komandaya ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və sair kimi xidmət göstərəcək. Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində xəstəxananın da loqosunun yer alacağı paylaşımlar ediləcək, başqa marketinq xidmətləri də göstəriləcək.


