Gəncə şəhər stadionunun yenidən qurulmasına 1 milyon ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Arena.az xəbər verir ki, Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi Sərəncamda göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xatırladaq ki, “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncədəki stadionun sökülüb, yenidən tikilməsi qərara alınıb. 2025-ci ildə 16 minlik tutumu olacaq stadion təhvil verilməlidir. “Kəpəz”in stadion tikintisi getdiyi müddətdə ev oyunlarını Qəbələdə keçirməsi gözlənilir.

Qeyd edək ki, 1963-cü ildə istifadəyə verilmiş Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğu üçün son illərdə yalnız 3 minə qədər azarkeşin matçlara buraxılmasına icazə verilirdi. Əvvəllər isə stadionun 27 min azarkeş tutumu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: