Həndbol: İspaniya millisi Bakıda Avropa çempionu oldu

Azərbaycanda 17 yaşadək qızlardan ibarət milli komandalar arasında təşkil olunmuş həndbol üzrə Avropa çempionatına yekun vurulub.

Arena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın son iki günündə həlledici qarşılaşmalar keçirilib.

Avqustun 12-də 9-10-cu yerlər uğrunda keçirilən Azərbaycan – Lüksemburq görüşü 12:46 hesabı ilə nəticələnib. Nəticədə yığmamız təşkilatçısı olduğumuz qitə birinciliyini sonuncu pillədə başa vurub.

5-8-ci yerlər uğrunda oyunlarda Bosniya və Herseqovina millisi Yunanıstan seçməsinə 32:30, İsrail komandası isə Gürcüstan kollektivinə 28:23 hesabı ilə qalib gəlib. Çempionatın ilk yarımfinal qarşılaşmasında Litva və İspaniya komandaları üz-üzə gəliblər. Matçın favoriti sayılan ispanlar rəqib üzərində inamlı qələbə ilə finala yüksəliblər – 41:19. Onların həlledici oyundakı rəqibi Farer adaları millisini 31:25 hesabı ilə üstələyən Sloveniya komandası olub.

Ötən gün isə 7-8-ci yerlər uğrunda oyunda Gürcüstan millisi ilə görüşən Yunanıstan həndbolçuları 29:17 hesabı ilə qələbə qazanıblar.

Bosniya və Herseqovina seçməsi 5-6-cı yerlər uğrunda oyunda İsrail millisinə çətinliklə qalib gəlib – 32:31.

Litva – Farer adaları matçında 32:27 hesablı qələbə qazanan litvalılar çempionatı 3-cü pillədə başa vurublar.

Yarışın qalibi İspaniya – Sloveniya görüşündə müəyyənləşib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ispanlar daha inamlı təsir bağışlayıblar. Bunun məntiqi nəticəsi kimi 28:20 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionu adına layiq görülüb.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi Ştefan Lövqren çıxış edərək Bakıda keçirilən qitə çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Təşkilatçılığa görə Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyətini qiymətləndirən Ştefan Lövqren İspaniya komandasını çempion olması münasibətilə təbrik edib.

Çempionatın ən yaxşı oyunçularına, həmçinin yarışın hakimlərinə və EHF nümayəndələrinə, yüksək səviyyədə təşkilatçılığa görə AHF nümayəndələrinə hədiyyələr verildikdən sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.

İspaniya komandası qızıl, Sloveniya gümüş, Litva həndbolçuları isə bürünc medallara layiq görülüblər. Medalları EHF-nin nümayəndəsi Ştefan Lövqren, AHF-nin vitse prezidenti Orxan Abbasov və baş katib Yusif Atakişiyev təqdim ediblər.

Bununla da Bakıdakı Avropa çempionatına yekun vurulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: