Həndbol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidməti məlumat yayıb.
Belə ki, sentyabrın 12-də AHF-nin iclası keçirilib. Federasiyanın məsul işçiləri və komandaların baş məşqçilərinin iştirak etdiyi iclasda 2023/2024 mövsümünün planları, sayca 30-cu olacaq növbəti Azərbaycan çempionatının təşkili, məşqçilər şurasına sədrin seçilməsi, avrokubok oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib. Sonra məşqçilərin sualları cavablandırılıb, təklifləri dinlənilib.
Tədbirin sonunda yubiley çempionatının püşkü atılıb. Azərbaycan çempionatında 2023/2024 mövsümünə noyabrın 11-12-də keçiriləcək 1-ci turun oyunları ilə start veriləcək.
Qadınların yarışında 6 komanda mübarizə aparacaq. Bunlar “Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür” və “Qarabağ” komandalarıdır. Kişilərdə isə 7 komanda çempionluq uğrunda yarışacaq: “Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil” və “Qarabağ”.
Ölkə çempionatının bütün oyunları “AHF Arena”da keçiriləcək.
Beləliklə, Azərbaycan çempionatının yeni mövsümünün ilk turunda bu komandalar üz-üzə gələcəklər:
Qadınlar
11 noyabr
13:00. “Azəryol” – “Gənclər Birliyi”
17:00. “Kür” – “Qarabağ”
12 noyabr
13:00. “Bakı” – “İdman Akademiyası”
Kişilər
11 noyabr
15:00. “Kür” – “Təhsil”
12 noyabr
11:00. “İdman Akademiyası” – “Dinamo”
15:00. “Azəryol” – “Qarabağ”


