Hansi Flik Almaniya yığmasından qovuldu

Xeyli müddətdir istefası gündəmdə olan futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Hansi Flik nəhayət ki, istefaya göndərilib.

Arena.az xəbər verir ki, Almaniya Futbol İttifaqı (DFB) bu gün Fliki istefaya göndərib.

Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Fliklə bərabər onun köməkçiləri Markus Zorq və Danni Röl də istefaya göndərilib.

“Almaniya yığma komandasının son məyusedici nəticələrdən sonra yeni bir nəbzə ehtiyacı var. Biz ölkəmizdə keçiriləcək Avropa çempionatı ərəfəsində nikbinlik və inam ruhunu qaytarmalıyıq. Şəxsən mənim üçün bu, direktor vəzifəsində olduğum müddətdə ən çətin qərarlardan biridir, çünki mən Hansi Flikin və onun köməkçilərinin peşəkar və insani keyfiyyətlərini yüksək qiymətləndirirəm.

Eyni zamanda, idman uğurları Almaniya Futbol İttifaqı üçün əsas məfhumdur, ona görə də qərar qaçılmaz idi”, – deyə təşkilatın mətbuat xidməti DFB direktoru Bernd Noyendorfdan sitat gətirir.

Xatırladaq ki, Hansi Flik AÇ-2020-dən sonra Almaniya yığmasına rəhbərlik edirdi. 2022-ci il dünya çempionatında Flikin rəhbərliyi altında “bundestim” qrupdan çıxa bilməmişdi. 58 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 25 oyuna çıxarıb. Bu görüşlərdə 12 qələbə qazanmış Almaniya yığması 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Top fərqi isə 60:30 (+30)-dur.

“Bundestim”in baş məşqçisi vəzifəsinə əsas namizədlərdən Yulian Nagelsman, Oliver Qlasner və Mattias Zammerin adı çəkilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: