Daha öncə Karlos Strandberq və Armin Hodziçi transfer etmiş “Hatayspor” daha dörd futbolçunun keçidini həll edib.
Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Əskişəhərspor”dan Onur Arını, “Zonquldak Kömürspor”dan Oğuzhan Maturu, “Girəsunspor”dan Görkem Sağlamı, “Şeffild Uensdey”dən də Fisayo Dele-Başirunu heyətinə qatıb.
Sol cinah müdafiəçisi olan 23 yaşlı Oğuzhan Maturla 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 31 nömrəli formanı geyinəcək. Almaniyada dünyaya göz açmış müdafiəçi daha öncə bu ölkənin klublarında oynayıb. O, 2021-ci ilin avqustundan “Zonquldak Kömürspor”da forma geyinirdi.
Görkem Sağlam da yeni klubu ilə 3 illik müqavilə bağlayıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi da Almaniyada dünyaya göz açıb. “Bohum”un yetirməsi Niderlandda “Villem II” klubunda da forma geyinib. 2022-ci ildən “Girəsunspor”da çıxış edən yarımmüdafiəçi bu komandada 31 oyuna 2 qol vurub. O, Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.
Onur Arı isə “Əskişəhərspor”un yetirməsidir. 22 yaşlı hücumçu ilə də 3 illik müqavilə imzalanıb. “Əskişəhərspor”un əsas komandasında meydana çıxdığı 89 oyunda 31 qol və 2 assistlə yadda qalıb.
Fisayo Dele-Başiru isə “Mançester Siti”nin yetirməsidir. O, 2020-ci ilin yayından “Şeffild Uensdey”in uğurları üçün çalışırdı. Əslən Nigeriyadan olan ingiltərəli yarımmüdafiəçi sonuncu komandasında 86 oyuna 6 qol və 5 assistlə yadda qalıb. Hatay klubu hələlik onunla müqavilənin detallarını açıqlamayıb.
Xatırladaq ki, “Hatayspor” bu ilin əvvəlində Türkiyədəki dəhşətli zəlzələ səbəbindən ötən mövsümün ikinci dövrəsində Super Liqadan çəkilmişdi. Bu yay əksər futbolçuları ilə vidalaşan Hatay təmsilçisi indi yeni mövsüm üçün tam yeni heyət qurur.


