Futbol üzrə Cənubi Koreya milli komandasının baş məşqçisi Hon Myon Bo DÇ-2026-dakı zəif çıxışdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə mütəxəssis “Yonhap” agentliyinə açıqlamasında bildirib.
57 yaşlı çalışdırıcı mundialda uğursuz nəticəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb:
“Bu gündən etibarən milli komandanın baş məşqçisi postundan ayrılıram. Koreya futbolunu sevən və yığmanı daim dəstəkləyən azarkeşlərdən üzr istəmək istəyirəm. Azarkeşlərin gözlədiyi nəticələri əldə edə bilmədik və bütün məsuliyyət mənim üzərimdədir”, – deyə Hon Myon Bo bildirib.
Qeyd edək ki, Cənubi Koreya millisi DÇ-2026-nın A qrupunda 3 xal toplayaraq üçüncü yeri tutub və pley-off mərhələsinə yüksələ bilməyib.
Xatırladaq ki, Hon Myon Bo 2024-cü ildən Cənubi Koreya millisinə rəhbərlik edirdi. Onun müqaviləsi 2027-ci ildə keçiriləcək Asiya Kubokunun sonuna qədər nəzərdə tutulmuşdu. O, futbolçu kimi 2002-ci il dünya çempionatında Cənubi Koreya yığmasının heyətində dördüncü yeri tutub.
Daha öncə Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark da DÇ-2026-dakı uğursuz çıxışa görə istefa vermişdi.


