İlya Sadıqovla Ayaz Quliyev “Ural”la bacarmadılar

Azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan “Ural”la qarşılaşmanın iştirakçısı olublar.

“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası meydanı darmadağınla tərk edib – 0:3. İlk hissədə iki qol vuran qonaqlar fasilədən sonra daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdiriblər.

Ayaz Quliyev bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 29-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

İlya Sadıqov isə fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, İlya Sadıqov “Ximki” klubunun sahibi Tufan Sadıqovun oğludur.

“Ximki” 29 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.