“Mançester Yunayted”in yeni həmsahibi INEOS şirkəti holland baş məşqçi Erik ten Haqı heç olmasa mövsümün sonuna qədər saxlamaq istəyir.
Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.
Amma eyni zamanda vurğulanır ki, holland mütəxəssis onsuz da qeyri-sabit çıxış edən komandanın daha zəif nəticələrinə görə tezliklə qovula bilər.
Mənbənin məlumatına görə, baş direktor Jan-Klod Blana “qırmızı şeytanlar”ı çalışdırmaq iddiası ilə xidmətlərini təklif edən bir çox məşqçinin agentləri durmadan zəng edirlər.
Erik ten Haq 2022-ci ilin iyulunda “Ayaks”dan “Mançester Yunayted”in sükanı arxasına keçib. Holland mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ten Haq “Mançester Yunayted”ə gəlişi ilə komandanı azacıq ayağa qaldırsa da, sonradan, cari mövsümün ilk yarısında “qırmızı şeytanlar” tarxinin ən bərbad mövsümünü keçiriblər. “Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsini belə, keçə bilməyib. Ten Haqın yetirmələri qrup sonuncusu olaraq, avrokuboklarla vidalaşıblar.
Ümumilikdə Erik ten Haq “Mançester Yunayted”i 90 oyuna çıxarıb, 54 qələbə qazandırıb. Holland mütəxəssis 10 oyunda heç-heçə, 26 oyunda isə məğlubiyyətlə üzləşib, top fərqi isə 152:114 nisbətindədir. Ten Haq “Mançester Yunayted”ə 2022/2023 mövsümü İngiltərə Liqa Kubokunu qazandırıb.
Hazırda “Mançester Yunayted” Premyer Liqada keçirdiyi 20 oyundan 31 xalla 8-ci pillədə qərarlaşıb. Premyer Liqaya 45 xalla “Liverpul” başçılıq edir.


