“İnter” ardıcıl 3-cü dəfə İtaliya Super Kubokunun qalibi oldu

Bu gün Səudiyyə Ərəbistanında təşkil olunmuş futbol üzrə İtaliya Super Kubokunun 2023-cü il mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici oyunda “İnter” və “Napoli” komandaları qarşılaşıblar.

“İnter” super kubokun, “Napoli” isə A Seriyasının sonuncu qalibi idi. Bu üzdən də sözügedən komandalar arasındakı oyunun gərgin keçəcəyi gözlənilən idi. Finalın taleyini bir qol həll edib. 60-cı dəqiqədə “Napoli”nin heyətində Covanni Simeonenin qırmızı vərəqə alaraq meydandan qovulmasından maksimum yararlanan “İnter” istəyinə 90+1-ci dəqiqədə çatıb. Milanlıların argentinalı hücumçusu Lautaro Martinesin vurduğu qol komandasına növbəti titulu qazandırıb.

Xatırladaq ki, daha öncə “Napoli” yarımfinalda “Fiorentina”nı, “İnter” isə “Latsio”nun 3 cavabsız qolla məğlub edərək finala yüksəlmişdilər.

Beləliklə, “İnter” ardıcıl 3-cü, bütövlükdə isə 8-ci dəfə İtaliya Super Kubokunun qalibi olub. Milan təmsilçisi 1989, 2005, 2006, 2008, 2010, 2021 və 2022-ci illərdə də oxşar uğura imza atmışdı. Bu baxımdan rekord “Yuventus”a məxsusdur – 9. “İnter” super kubok sayında əzəli rəqibi “Milan”ı (7) geridə qoyub. “Napoli” isə 2 dəfə super kubok sevinci yaşayıb.

İtaliya Super Kuboku
Final
22 yanvar

Napoli – İnter 0:1
Qol: Lautaro Martines, 90+1.

Xəbəri sosial şəbəkələrdə paylaş: