İsa Suliman əməliyyat olundu – 2 ay oynamayacaq

Futbol üzrə Pakistan yığma komandasının və “Sumqayıt”ın mərkəz müdafiəçisi İsa Suliman cərrahi əməliyyat keçirib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub. Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.

Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.

İsa Suliman bu ilin iyul ayından “Sumqayıt”da forma geyinir. 25 yaşlı mərkəz müdafiəçisi bu komandada 9 oyuna çıxıb, 2 qola imza atıb. O, “Aston Villa”, “Qrimsbi Taun”, “Emmen”, “Çeltnem Taun”, “Nasional”, “Vitoriya” (Gimaraynş), “Vilafrankense” kimi klubların da formasını geyinib. Suliman Pakistan yığmasında da 7 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: