İssuf Paro daha bir il “Araz-Naxçıvan”da!

“Araz-Naxçıvan” son iki mövsümdə bu komandanın heyətində çıxış etmiş Burkina Faso millisinin müdafiəçisi İssuf Paro ilə yeni müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi 2026/2027-ci illər mövsümündə də “qırmızı-ağların”ın formasını geyinəcək. O, əvvəlki mövsümlərdə meydana çıxdığı 58 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

İssuf Paro peşəkar karyerasına Burkina Fasonun “Etual Filant” klubunda başlayıb. 2015-2017-ci illər aralığında Cənubi Afrika Respublikasının “Santos” klubunda legioner həyatı yaşamış müdafiəçi 2017-ci ildə Fransaya üz tutub. O, 2021-ci ilə qədər bu ölkənin “Nyor” klubunda çıxış edib. 2022-ci ildə isə “Konkarno” klubu müdafiəçini heyətinə qatıb. O, “Araz-Naxçıvan”a keçənə qədər məhz bu komandada çıxış edib. Paro 2015-ci ilin may ayında debüt etdiyi Burkina Faso yığmasının heyətində 10 oyun keçirib.

“Araz-Naxçıvan” daha öncə Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov və İbrahim Piriyevlə də yeni müqavilə bağlamışdı.

Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera və Rövlan Muradovu heyətinə qatmış Naxçıvan klubu Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasovla yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: