Jan-Lui Qasse karyerasını bitirir – Özü açıqladı

Marsel “Olimpik”inin baş məşqçisi Jan-Lui Qasse 2023/2024 mövsümünün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda mayın 19-da Fransa çempionatının 34-cü turu çərçivəsində səfərdə “Havr”la qarşılaşacaq.

70 yaşlı mütəxəssis Fransa mətbuatına açıqlamasında bu oyunun məşqçilik karyerasında sonuncu olacağını bəyan edib: “Bazar günü həqiqətən də karyeramın son oyunu olacaq. Məşqçilik karyeramı başa vururam. Bu, mənim son qərarımdır”.

Xatırladaq ki, Qasse 2024-cü ilin fevral ayında Marsel “Olimpik”nin baş məşqçisi təyin edilmişdi. Komanda bu müddətdə onun rəhbərliyi altında 21 oyuna çıxıb. Marsel təmsilçsi bu görüşlərdə 8 qələbə qazanıb, 3 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Bu mövsüm o qədər də uğurlu çıxış etməyən Marsel “Olimpik”i Fransa Liqa 1-in turnir cədvəlində 33 turdan sonra 47 xalla 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda bu görüşlərdə 12 qələbə qazanıb, 11 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Jan-Lui Qasse Marsel “Olimpik”inin sükanı arxasına Kot d’İvuar yığmasından ayrılaraq keçmişdi. Belə ki, o, 2022-ci ilin may ayından çalışdırdığı milli komandadan bu il yanvarın 24-də ayrılmışdı. Afrika təmsilçisini bütövlükdə 17 oyuna çıxarmış Qasse, bu görüşlərdə 10 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət görüb.

Qasse daha öncə “Monpelye”, “Kan”, “İstr”, “Sent Etyen”, “Bordo” kimi klublarda baş məşqçi kimi çalışıb.