Jan-Lui Qasse Marsel “Olimpik”ində – Rəsmi

Bir müddət öncə Kot d’İvuar yığmasından ayrılan Jan-Lui Qasse Marsel “Olimpik”inin yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

70 yaşlı fransız mütəxəssis bu gün istefaya göndərilmiş Cennaro Qattuzonu əvəz edib. Onunla müddəti bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Jan-Lui Qasse son olaraq Kot d’İvuar yığmasına rəhbərlik edib. O, 2022-ci ilin may ayından çalışdırdığı bu komandadan bu il yanvarın 24-də ayrılmışdı. Afrika təmsilçisini bütövlükdə 17 oyuna çıxarmış Qasse, bu görüşlərdə 10 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət görüb.

Qasse daha öncə “Monpelye”, “Kan”, “İstr”, “Sent Etyen”, “Bordo” kimi klublarda baş məşqçi kimi çalışıb.

Cennaro Qattuzo isə 2023-cü ilin sentyabrında “Olimpik”in sükanı arxasına gətirilmişdi. 46 yaşlı mütəxəssis Liqa təmsilçisini bütövlükdə 24 oyuna çıxarıb. Qattuzo marsellilərə 9 qələbə qazandırıb, 8 heç-heçə edib, 7 məğlubiyyət yaşayıb.

Marsel “Olimpik”i Liqa 1-də bu mövsüm 22 oyuna topladığı 30 xalla 9-cu pillədə qərarlaşıb. Cəmi 7 qələbə qazanmış komanda 9 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: