Futbol üzrə Ekvador yığmasının və Braziliyanın “Bahiya” klubunun sol cinah müdafiəçisi Joanner Çaves “Lans”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu 21 yaşlı futbolçunu bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər satınalma şərti ilə icarəyə götürüb.
Joanner Çaves peşəkar karyerasına Ekvadorun “İndependyente Xuniors” klubunda başlayıb. Daha sonra o, “İndependyente del Valle” komandasında çıxış edib. 2023-cü ilin yanvarında “Bahiya” gənc müdafiəçini 3,25 milyon avro qarşılığında heyətinə qatıb. O, Braziliya komandasının heyətində 29 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Yayda icarə əsasında yenidən “İndependyente del Valle”yə qayıdan oyunçu dekabrın sonunda “Bahiya”nın düşərgəsinə qayıtmışdı.
Joanner 2022-ci ilin noyabr ayında debüt etdiyi Ekvador milli komandasında 3 oyun keçirib.



