Joze Mourinyo səhhətinin pisləşməsi ilə bağlı şayiələri cavabladı

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo təcili cərrahi əməliyyata ehtiyacı olması ilə bağlı yayılan xəbərləri cavablayıb.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis bu barədə özünün sosial şəbəkə hesablarından biri üzərində yazıb:

“Narahatlığını ifadə edənlər üçün cərrahi əməliyyatımla bağlı xəbərlər çox şişirdilmişdir. Bu, sadəcə tez və kiçik bir prosedurdur. Həmişə olduğu kimi tətildən sonra ilk gündə məşqlərə davam edəcəyəm. 25 il ərzində heç bir məşqdən yayınmamışam və bunu etməyə başlamağa da hazırlaşmıram”, – “Mour” vurğulayıb.

Xatırladaq ki, daha əvvəl portuqal mütəxəssisin səhhətində yaranmış fəsadlara görə xaricdə cərrahi əməliyyat ediləcəyi haqda məlumat yayılıb.

Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.

Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 26 oyuna çıxarıb, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 55:31 nisbətindədir.

Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 16 oyundan 36 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 44 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.

Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: