İngiltərənin “Çelsi” klubu 24 yaşlı braziliyalı mərkəz hücumçusu Juan Pedro ilə müqaviləsinin müddətini uzatdığını bəyan edib.
Arena.az xəbər verir ki, London təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2034-cü ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, “Çelsi” Juan Pedronu 2025-ci ilin yayında “Brayton”dan 63,7 milyon avro müqabilində transfer edib. Braziliyalı futbolçu ilə həmin vaxt müddəti 2033-cü ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı.
Braziliyalı futbolçu “Çelsi”nin heyətində 53 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib. Azarkeşlər Pedronu 2025/2026-cı illər mövsümündə komandanın ən yaxşı futbolçusu seçiblər.
Juan Pedro Braziliyanın “Fluminense” klubunun yetirməsidir. O, İngiltərədə “Uotford” və “Brayton”un da formasını geyinib.
Tam adı Joao Pedro Junkeyra de Jezus olan futbolçu 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya millisində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


