“Kəpəz”in sol cinah vingeri Alessandro Pineyro Junior Martins Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsinin qalibi olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının qalibi olan Junior Martinsə bu gün keçirilən Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sabah” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub. Ona mükafatları “Masazır Arena”da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Xatırladaq ki, Alessandro Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəldikləri oyunda baxımlı qola imza atmışdı. Juniorun 71-ci dəqiqədə vurduğu həmin qol həm də Gəncə təmsilçisinə əzmkar qələbə qazandırmışdı. Bununla da o, “Ayın qolu” layihəsinin qalibi olmuş ilk “Kəpəz”li futbolçuya çevrilib.
Yanvarda ayın ən yaxşı qolu adına digər namizədlər bunlar idi:
- Məhəmməd Kadirinin (“Araz-Naxçıvan”) “Qarabağ”a vurduğu qol
- Olavale Onanuqanın (“Kəpəz”) “Qarabağ”a vurduğu qol
- Dieqo Valdesin (“Neftçi”) “Qəbələ”yə vurduğu qol
- Emil Səfərovun (“Qəbələ”) “Neftçi”yə vurduğu qol
Alessandro Pineyro Junior Martins 2023-cü ilin yanvarından “Kəpəz”də çıxış edir. 24 yaşlı braziliyalı vinger Gəncə təmsilçisinin heyətində indiyə qədər 42 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Moto Klub”, “Babrunqas” və ABC kimi klublarda da forma geyinib.
Peşəkar Futbol Liqası tərəfindən təsis olunmuş “Ayın qolu” layihəsi 2023/2024 mövsümünün əvvəlindən keçirilir. Bu layihə çərçivəsində daha öncə qalib olmuş futbolçuların siyahısını xatırladırıq:
Avqust 2023 – Turan Manafov (“Araz-Naxçıvan”)
Sentyabr 2023 – Məqsəd İsayev (“Zirə”)
Oktyabr 2023 – Məhəmməd Kadiri (“Araz-Naxçıvan”)
Noyabr 2023 – Rövlan Muradov (“Sumqayıt”)
Dekabr 2023 – Turan Manafov (“Araz-Naxçıvan”)


