Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan Gəncənin “Kəpəz” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Arena.az xəbər verir ki, sözügedən klub portuqaliyalı İqor Rodriqesi heyətinə qatıb.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, İqor Rodriqes bu mövsümün sonuna kimi “sarı-göylər”in şərəfini qoruyacaq. Onunla 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalanıb.
İqor Rodriqesin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı 2020-ci ilin yayından formasını geyindiyi bu klubdan bu ilin yayında azad agent kimi ayrılmışdı. Rodriqes 2017-ci ildə Portuqaliyanın tanınmış komandalarından olan “Benfika” ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq” (Kovilya) kimi klublarda icarədə oynayıb. O, “Benfika”dan öncə də “Toşa”, “Oliveyra do Hospital”, “Sportinq” (Kovilya) kimi klubların formasını geyinib.
Xatırladaq ki, “Kəpəz” bu yay Vurğun Hüseynov, Rüfət Əhmədov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Olavale Onanuqa, Vladislav Vasilyuçek, Vüsal Məsimov, Latir Fall, Şakir Seyidov, Georgi Papunaşvili və Ezekiel Morqan kimi futbolçuları heyətinə qatmışdı. Əvəzində Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev komandanı tərk edib. Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərovla isə yeni müqavilə imzalanıb.


