Madrid “Real”ının hücumçusu Kərim Benzema UEFA Çempionlar Liqasında komandanın sabiq futbolçusu Kristiano Ronaldonun rekordunu təkrarlayıb. Miraj.az xəbər verir ki, 34 yaşlı forvard buna turnirin yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab görüşündə fərqlənməklə nail olub.
O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/22 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.
Xatırladaq ki, Kristiano Ronaldo ÇL-in 2013/14 mövsümündə də pley-off oyunlarında 8 qola imza atıb. Lakin hazırda PSJ-nin formasını geyinən Lionel Messi də 2011/12 mövsümündə pley-offda 8 qol vurmağı bacarıb.
Benzema ÇL-in cari mövsümündəki ümumi qollarının sayına görə də bombardir. Hazırda onun hesabında 15 qol var. Fransız hücumçunun ən yaxın izləyicisi isə artıq mübarizəni dayandırmış “Bayern”in (Almaniya) hücumçusu Robert Levandovskidir – 13 qol. “Ayaks”ın futbolçusu Sebastyan Haller 11 qol vurub. Finalda “Real”la qarşılaşacaq “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 8 qol vurub. Bu üzdən Benzemanın ÇL-in bu mövsümünü bombardir kimi bitirəcəyi şübhə doğurmur.
Benzema ÇL tarixində ən çox qol vuran futbolçuların siyahısında da Robert Levandovskiyə çatmağa nail olub. Hazırda üçüncü pilləni bölüşən bu iki oyunçunun hesabında 86 qol var. Qitənin ən nüfuzlu klub turnirində bombardir isə Kristiano Ronaldodur. Onun hesabında 140 qol var. 124 qol vurmuş Lionel Messi isə ikincidir.
Xatırladaq ki, “Real” finalda “Liverpul”la üz-üzə gələcək. Kərim Benzema həlledici oyunda da fərqlənsə, həm də bir mövsümdə pley-offda ən çox qol vuran futbolçuya çevriləcək, həm də ümumi bombardirlər yarışında Levandovskini qabaqlamağa nail olacaq.


