Futbol üzrə Kabo Verde millisi dünya çempionatında (DÇ-2026) çıxışını başa vursa da, turniri diqqətçəkən statistik göstərici ilə tamamlayıb.
Arena.az xəbər verir ki, debütant Afrika təmsilçisi dünya çempionatında keçirdiyi heç bir oyunun əsas vaxtında məğlub olmayıb.
Komanda yalnız 1/16 final mərhələsində son dünya çempionu Argentina yığmasına əlavə vaxtda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Oyunun əsas vaxtı isə 1:1 hesabı ilə başa çatmışdı.
Bubiştanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində də bütün görüşlərini heç-heçə ilə başa vurmuşdu. Kabo Verde ilk turda İspaniya ilə qolsuz bərabərə qalıb (0:0), ikinci turda Uruqvayla 2:2 hesablı heç-heçə edib, son turda isə Səudiyyə Ərəbistanı ilə qapılara qol vurulmadan ayrılıb (0:0).
Bu nəticələr sayəsində Afrika təmsilçisi H qrupunda ikinci yeri tutaraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Kabo Verde millisi daha bir tarixi göstəriciyə də imza atıb. Təxminən 525 min nəfər əhalisi olan ada dövləti dünya çempionatları tarixində pley-off mərhələsinə yüksələn ən az əhalisi olan ölkə kimi tarixə düşüb.
Qeyd edək ki, Argentina əlavə vaxtda qazandığı 3:2 hesablı qələbə sayəsində 1/8 finala vəsiqə qazanaraq növbəti mərhələdə Misir millisi ilə qarşılaşacaq.


