Kabo Verde millisi dünya çempionatları tarixinə düşdü

Futbol üzrə DÇ-2026-da uğurlu çıxışı ilə diqqət çəkən Kabo Verde millisi dünya çempionatları tarixində iki əlamətdar rekorda imza atıb.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi son 24 ildə mundialın qrup mərhələsini məğlubiyyətsiz başa vurmuş ilk debütant olub.

Buna sonuncu dəfə 2002-ci ildə Seneqal millisi nail olmuşdu. Həmin mundialda seneqallılar Fransa üzərində qələbə qazanmış (1:0), Danimarka (1:1) və Uruqvayla (3:3) heç-heçə etmişdilər. Seneqal yığması daha sonra turnirdə 1/4 final mərhələsinə qədər irəliləmişdi.

Kabo Verde yığması isə DÇ-2026-nın qrup mərhələsində İspaniya (0:0), Uruqvay (2:2) və Səudiyyə Ərəbistanı (0:0) ilə heç-heçə edərək 3 xalla H qrupunda ikinci yeri tutub və 1/16 finala yüksəlib.

Bununla yanaşı, Kabo Verde millisi pley-off mərhələsinə yüksələn ən az əhalisi olan ölkə kimi də tarixə düşüb. Təxminən 525 min nəfər əhalisi olan ada dövləti dünya çempionatlarının pley-off mərhələsində iştirak hüququ qazanan ölkələr arasında bu göstərici üzrə rekordçudur.

Qeyd edək ki, Kabo Verde dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ən az əhalisi olan ölkələr siyahısında üçüncü yerdə qərarlaşıb. Bu göstəricidə yalnız 2026-cı ildə mundialda iştirak edən Kurasao və 2018-ci il dünya çempionatında çıxış etmiş İslandiya ondan irəlidədir. Hər iki komanda mübarizəni qrup mərhələsində dayandırmışdı.

DÇ-2026-nın 1/16 final mərhələsində Kabo Verde son dünya çempionu Argentina millisi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: