Karl-Haynts Şnellinger vəfat etdi

Almaniya yığmasının sabiq sol cinah müdafiəçisi, liberosu Karl-Haynts Şnellinger 85 yaşında dünyasını dəyişib.

Arena.az bu barədə “Daily Mail” internet-nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Şnellinger uzun sürən xəstəlikdən sonra mayın 20-də Milan xəstəxanalarının birində vəfat edib.

Almaniyada Şnellinger “Köln” və “Tennis Borussiya Berlin” komandalarda çıxış edib, İtaliyada isə “Mantova”, “Roma” və “Milan”da oynayıb.

Şnellinger “Köln”lə Almaniya çempionatının qalibi olub. “Roma” ilə İtaliya Kubokunu qazanmış Şnellinger, “Milan”la daha 3 dəfə bu uğura nail olub, həmçinin “rossoneri” ilə İtaliya çempionluğunu qazanıb. “Milan”ın heyətində Şnellinger Avropa Çempionlar Kubokunun, 2 dəfə Kuboklar Kubokunun, Qitələrarası Kubokun qalibi olub.

Almaniya yığma komandasının heyətində Şnellinqer 1958-ci il dünya çempionatında fəxri 4-cü yeri tutub, həmçinin 1966-cı il dünya çempionatının gümüş, 1970-ci il dünya çempionatının bürünc mükafatçısı olub. Şnellinger bundestimin heyətində 47 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Karl-Haynts Şnellinger 1962-ci ildə Almaniyada ilin futbolçusu seçilib və elə həmin il “Qızıl top” mükafatına namizədlər arasında olub və 3-cü yerə layiq görülüb.

Karl-Haynts Şnellingerin adı “Milan”ın Şöhrət Zalında yer alıb.
Futol aləmində Karl-Haynts Şnellinger “Folksvagen” və “Soldat” (almanca: əsgər) ləqəbləri ilə tanınıb.

Karl-Haynts Şnellingerin bacarıqları və qollarından ibarət videoçarxı təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: