Karlo Ançelotti ÇL matçında 2 rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə cavab oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, italyan mütəxəssis “Real”ın sükanı arxasında qitənin ən mötəbər klub yarışında 73-cü oyununa çıxıb.

Bununla da Ançelotti “qaymaqlılar”ın sükanı arxasında daha əvvəl özünü sahib olduğu mütləq rekordu (72 oyun) yeniləyib.

Müvafiq göstəricidə ikinci nəticə “Real”ın keçmiş çalışdırıcısı, əfsanəvi ispan mütəxəssis Migel Munyosa məxsusdur – 71 oyun.

Ançelotti Çempionlar Liqasında “Real”la 52 qələbə qazanıb, 8 heç-heçə edib, 12 məğlubiyyət yaşayıb. Topların fərqi isə 178:79 nisbətindədir.

Karlo Ançelotti bu oyunda daha bir rekord müəyyənləşdirib. “Qaymaqlılar” “şəhərlilər”i 3:1 hesabı ilə məğlub edərək (ilk oyun 3:2), mübarizədən kənarlaşdırıblar. Bu qələbə Ançelottinin qitənin ən mötəbər klub yarışında qazandığı 125-ci qələbə olub. İtalyan mütəxəssisə müvafiq nailiyyətə müvəffəq olmaq üçün 214 oyun kifayət edib. Ançelotti 44 oyunda heç-heçə, 45 oyunda isə məğlubiyyət yaşayıb. Topların fərqi isə 409:214 nisbətindədir.

Xatırladaq ki, Ançelotti Çempionlar Liqasında həmçinin “Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bayern” və “Napoli” ilə çıxış edib.

“Mançester Siti” ilə oyuna gəlincə, “Real” 3:1 hesablı qələbə qazanıb və ilk oyunda, səfərdə qazandığı 3:2 hesablı qələbə də daxil olmaqla, “şəhərlilər”i ümumi hesabda 6:3 hesabı ilə məğlub edəərək, mötəbər yarışdan kənarlaşdırıb.

1/8 final mərhələsinə vəsiqə qazanmış “Real” bu mərhələdə Madrid “Atletiko”su və ya Leverkuzen “Bayer”i ilə qarşılaşacaq.

Xəbəri istədiklərinizlə paylaşın