Azərbaycan çempionu “Qarabağ”ın Kolumbiyadan olan mərkəz müdafiəçisi Kevin Medina ölkəsindən təklif alıb.
Arena.az-ın əldə etdiyi məlumata görə, onu “Alyansa Petrolera” heyətinə qatmaq istəyir.
Sözügedən klub təcrübəli oyunçuya təklif də göndərib. Lakin futbolçu bu varinata razılaşmayıb. O, “Qarabağ”da özünü xoşbəxt hiss etdiyini bildirərək Avropada qalmaq istədiyini söyləyib. Medina daha bir neçə il ağdamlıların şərəfini qorumaq arzusundadır.
Xatırladaq ki, Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyur. 30 yaşlı futbolçu indiyə qədər Ağdam təmsilçisində 102 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.
Onu da qeyd edək ki, Medinanın Ağdam klubu ilə ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir. O, son olaraq ötən ilin iyul ayında klubla yeni sözləşmə imzalayıb.


