Kinqsli Koman sıradan çıxdı – Tomas Tuxeldən açıqlama

Bundesliqanın 18-ci turunda “Auqsburq”la səfər oyunu (2:3) “Bayern”in fransalı sol vingeri Kinqsli Koman üçün xoşagəlməz başa çatıb.

Arena.az məlumat verir ki, Koman zədələnib və oyunun 26-c dəqiqəsində fransalı mərkəz hücumçusu Matis Tellə əvəzlənib.

Oyundan sonra Komanın stadionu qoltuq ağacı ilə tərk etdiyi vurğulanır. “Bayern”in baş məşqçisi futbolçusunun zədəsi haqda ilk məlumat verirb:

“Onun diz zədəsi var. Müayinə şəkilləri bizə daha çox məlumat verənə qədər gözləməliyik. Amma əlbəttə ki, bu, kifayət qədər ciddi zədədir, çox ağrılıdır. Dərhal oyundan çıxdı, oyunu davam etdirmək imkanı yox idi. Sabah onun dizindəki bağları yoxlayacağıq. İndi təxmin edə bilmərəm, amma zədə çox ağrılıdır”, “Sky Sport Germany” alman mütəxəssisdən sitat gətirir.

İlkin ehtimallara görə, fransalı futbolçu 8-12 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Kinqsli Koman PSJ-nin yetirməsidir. Koman 2014-cü ilin iyulunda azad agent qismində PSJ-dən “Yuventus”a keçib. 2015-ci ilin avqustunda “Bayern” Komanı “Yuventus”dan icarəyə götürüb. 2017-ci ilin iyulunda isə “Bayern” 21 milyon avro müqabilində Komanı “Qoca sinyora”dan tamhüquqlu əsasda alaraq öz heyətinə qatıb. Fransalı vingerin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümün ilk yarısında Koman “Bayern”in heyətində 24 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Komanın qənimətlər muzeyində PSJ ilə Fransa çempionluğu (2 dəfə), Fransa Liqa Kuboku və Fransa Super Kuboku, “Yuventus”la İtaliya çempionlıuğu (2 dəfə), İtaliya Kuboku və İtaliya Super Kuboku var. “Bayern”lə isə Koman 8 dəfə Almaniya Bundesliqasını, 3 dəfə Almaniya Kubokunu, 6 dəfə Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Club Dünya Kubokunu qazanıb.

Koman 2015-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 55 oyun keçirib, 8 qol vurub, 5 məhduldar ötürmə verib. Koman “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub. Həmçinin Koman 2016-cı il Avropa çempionatının və 2022-ci il günya çempionatının gümüş mükafatçısıdır.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sol vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: