Argentinanın “River Pleyt” klubunun gənc yarımmüdafiəçisi Klaudio Eçeverri İngiltərə nəhəngi “Mançester Siti”yə transfer olub.
Arena.az bu barədə Premyer Liqa klubunun rəsmi saytına istinadən məlumat verir.
18 yaşlı argentinalı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Amma Eçeverri “Mançester Siti”yə indi yox, 2025-ci ilin yanvar ayında qoşulacaq. Həmin vaxta qədər o, icarə əsasında “River Pleyt”də çıxış edəcək.
“Mançester Siti” bu transfer üçün Argentina klubuna 14,5 milyon avro ödəyib. “Transfermarkt” internet-portalı 18 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
Klaudio Eçeverri “River Pleyt”in öz yetirməsidir. O, ötən ilin yayından bu klubun əsas komandasında forma geyinir. Yarımmüdafiəçi indiyə qədər Argentina nəhənginin heyətində 6 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Argentinalı futbolçu son dövrlərə qədər formasını geyindiyi ölkəsinin U-17 yığmasının kapitanı olub. Hazırda isə o, Argentinanın U-23 yığmasına dəvət alır.


