Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb, klublarımızın rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatmada nəinki bu turnirdə mübarizə aparacaq “Neftçi” və “Zirə”nin, hətta “Sabah”la “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Məlum olduğu kimi, “Neftçi” Konfrans Liqasında mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq. “Ağ-qaralar” bu raundda 1-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.
Mübarizəyə ilk raunddan başlayacaq “Zirə”nin də növbəti mərhələdəki rəqibi artıq indidən məlumdur. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandasını keçəcəyi təqdirdə, növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Zirə” – “Torpedo” cütünün qalibi növbəti mərhələdə ilk oyunu səfərdə keçirəcək.
“Qarabağ” bu mövsüm Avropa Liqasında mübarizə aparacaq. Ağdam klubu Avroliqanın 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi bu rəqibinə uduzsa, o zaman Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Litva) duelinin qalibi ilə görüşəcək. “Qarabağ” – “Vestri” cütünün məğlubu bu raundda ilk oyunu evdə keçirməli olacaq.
Azərbaycan çempionu “Sabah” da Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apara bilər. Belə ki, paytaxt klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, Konfrans Liqasının 1-ci raundunun “Flora” (Tallin, Estoniya) – “İberiya” (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.
Xatırladaq ki, ÇL-də birinci raundun məğlubları mübarizəni Avropa Liqasında yox, Konfrans Liqasında davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü təsnifat mərhələsinə düşür.
Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.


