İngiltərə çempionu “Liverpul”un Şimali İrlandiyadan olan sağ cinah müdafiəçisi Konor Bredli klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Qırmızılar” 21 yaşlı oyunçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalandığını açıqlayıblar. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin yayında bitəcəkdi.
Konor Bredli “Sent Patriks” və “Dunqannon Svifts” kimi klubların futbol akademiyasından keçdikdən sonra 2019-cu ildə “Liverpul”a cəlb olunub. O, 2021-ci ildən Premyer Liqa nəhənginin əsas komandasında çıxış edir. 21 yaşlı müdafiəçi cari mövsümdə 27 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. Bredlinin “Liverpul”un əsas komandasındakı ümumi göstəriciləri isə belədir: 55 oyun, 1 qol, 10 assist.
Bredli 2022/2023-cü illər mövsümündə “Bolton Uonderers”də icarədə də olub.
Şimali İrlandiyanın U-16 və U-17 yığmalarında da oynamış Konor 2021-ci ilin may ayında ölkəsinin əsas milli komandasında debüt edib. O, yığma komandada keçirdiyi 23 oyunda 4 qola imza atıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


