Konseysao “Barselona” ilə oyunda hakimliyə eyham vurdu

“Portu”nun baş məşqçisi Serjio Konseysao “əjdahalar”ın Çempionlar Liqasında “Barselona” ilə oyununa qiymət verib və hakimliyə toxunub.

Arena.az bu barədə AS dərgizinə istinadən məlumat verir.

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsndə “Portu” doğma “Draqao”da “Barselona”ya minimal hesabla məğlub olub – 0:1.

“Oyunçuların gördükləri işlə və hesabı bərabərləşdirməyə çalışaraq oyunu belə bitirməyimizlə fəxr edirəm. Bütün oyun boyu diqqəti cəmləmək gərəkdir. Onların birinci hissənin sonunda önə keçmələri acıdır. Bütün 90 dəqiqə ərzində diqqətli olmaq gərəkdir. Amma indi biz davam etməliyik.

Oyunun hakimi Teylorun işi haqqında mən nə düşünürəm? Bu barədə artıq üç-dörd müsahibəmdə danışmışam. Biz bir klubdan daha çoxuna qarşı oynayırdıq… Bu da, kifayətdir”, deyə Konseysao üstüörtülü eyhamla kifayətlənib.

Xatırladaq ki, hakim Entoni Teylor bir neçə məqamda “Barselona”nın qapısına aşkar penalti təyin edə bilərdi. Bundan əlavə, “Portu”nun hücumçusu Mehdi Taremi başı üzərindən aşırma zərbə ilə gözəl qol vurub, amma hakim mübahisəli oyundankənar vəziyyət adı ilə qolu qeydə almayıb. Üstəlik, “Barselona”nın hədsiz kobud oyunu mətbuat tərəfindən vurğulanıb. Hakim kataloniyalılara 8 sarı vərəqə göstərib, bunlardan ikisi Qavinin qırmızı vərəqəsini müəyyən edib.

Çempionlar Liqasının 2-ci turundan sonra “Barselona” 6 xalla H qrupunun lideridir. “Portu” 3 xalla ikinci yerdə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: