“Konyaspor” Kramer və Bazuru da heyətinə qatdı

Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” klubu heyətini daha iki yeni futbolçu – Blaj KramerRişedli Bazurla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Kramer Polşanın “Legiya” klubundan transfer olunub. “Konyaspor” bu transfer üçün Varşava təmsilçisinə 700 min avro ödəyib. 28 yaşlı sloveniyalı hücumçu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Blaj Kramer karyerası ərzində “Şampion”, “Alumini”, “Volfsburq” və “Sürix” kimi klublarda da çıxış edib. O, 2022-ci ildən formasını geyindiyi “Legiya”da 57 oyun keçirib, 17 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Kramer 2020-ci ilin sentyabr ayında debüt etdiyi Sloveniya yığma komandasında 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib.

Rişedli Bazur isə Niderlandın “Alkmar” klubundan transfer olunub. Konya təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisinin transferi ilə bağlı detalları açıqlamayıb. Kurasao və Niderland vətəndaşlığına malik futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Bazur Niderland nəhəngi “Ayaks”ın yetirməsidir. O, karyerası ərzində “Volfsburq”, “Portu”, “Utrext”, “Vitess” kimi klubların da formasını geyinib. 2022-ci ildən “Alkmar”da çıxış edən müdafiəçi bu komandanın heyətində 68 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rişedli Bazur Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2015-ci ildə isə əsas millidə debüt edib. O, bu ölkənin yığma komandasında 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: