Koul Palmer Maurisio Poçettinoya su şüşəsi atdığına görə üzr istədi

“Çelsi”nin hücumameylli ingilis yarımmüdafiəçisi Koul Palmer bilmədən su şüşəsini atdığı baş məşqçisi Maurisio Poçettinodan üzr istəyib.

Arena.az “Goal” dərgisinə istinadən “Çelsi” – “Arsenal” oyununda (2:2) baş vermiş bu hadisəyə görə Palmerin üzrxahlığını diqqətinizə çatdırır:

“Onlar ikinci qolu vuranda mən su içəcəkdim. Amma mən şüşəni atdım və onun çox yavaşca fırlanıb məşqçiyə dəydiyini gördüm. Mən ondan üzr istədim, oyundan sonra isə layiqincə üzr dilədim. Ümidvaram ki, bundan sonra məni qovmaz!

Biz yaxşı yola gedirik. Hər gün məşqdə ona nə edə biləcəyimi göstərməyə çalışıram. Mən çox işləyirəm və sadəcə olaraq onun haqqını qaytarmağa çalışıram, çünki o, bizə çox güvənir”, deyə Palmer bildirib.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Palmer “Çelsi”yə cari ilin sentyabrında 47 milyon avro müqabilində “Mançester Siti”dən keçib.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində 7 oyuna 2 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer İngiltərənin U-15, U-16, U-17, U-18, U-21 yığmalarında oynayıb, amma əsas yığmaya hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı Koul Palmeri 32 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: