Kris Başam ağır zədə ilə üzləşdi, mövsümü erkən bitirdi – Foto

“Şeffild Yunayted”in ingilis mərkəz müdafiəçisi Kris Başam Premyer Liqanın 8-ci turunda “Fulhem”ə qarşı oyunda (1:3) açıq topuq sınığı alıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Oktyabrın 7-də keçirilmiş “Fulhem” – “Şeffild Yunayted” oyununun (3:1) 30-cu dəqiqəsində Başam oyun məqamlarının birində sol ayağı üzərində uğursuz eniş edib. Nəticədə Kris topuq nahiyəsində açıq sınıq alıb. Ağrılar içində otun üzərində qıvrılan müdafiəçini tibbi heyət təcili surətdə meydandan təxliyə edərək, xəstəxanaya çatdırıb.

Başamın səhhətinin sabit və həkim nəzarətində olduğu bildir. Futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağı məlum olmasa da, mövsümün veteran Başam üçün başa çatdığını qətiyyətlə demək olar.

“Şeffild Yunayted” klub adından Başama sağalmaq arzularını ünvanlayıb və futbolçunun səhhəti ilə əlaqədar hər hansı yeniliklər olacağı halda ictimaiyyəti bu barədə məlumatlandıracağını bildirib.

Kris Başam 2014-cü ilin iyulundan “Şeffild Yunayted”də çıxış edir. Müdafiəçinin klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Başam “Şeffild Yunayted”in heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 35 yaşlı Kris Başamı 300 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: