İngilis futbol mütəxəssis Kris Uaylder Premyer Liqada mübarizə aparan “Şeffild Yunayted” komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
56 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. O, bu postda istefaya göndərilmiş Pol Hekinqbottomu əvəz edib.
Kris Uaylder daha öncə də “Şeffild Yunayted”ə rəhbərlik edib. O, 2016-cı ilin mayından 2021-ci ilin martına kimi çalışdırdığı bu komandanı 227 oyuna çıxarıb. Bu görüşlərdə 106 qələbə, 44 heç-heçə və 77 məğlubiyyət qeydə alınıb.
Uaylder son olaraq “Uotford”a rəhbərlik edib. O, 2023-cü ilin martında baş məşqçi təyin olunduğu bu komandadan may ayında ayrılandan bəri işsiz idi. Təcrübəli məşqçi “Midlsbro”, “Northempton”, “Oksford Yunayted” kimi komandaları da çalışdırıb.
Pol Hekinqbottom isə 2021-ci ilin noyabr ayından “Şeffild Yunayted”in “sükanı arxasında” çalışırdı. O, 2022/2023 mövsümünün yekunlarına əsasən komandanı Premyer Liqaya çıxarmışdı. İngilis məşqçi daha öncə “Barnsli”, “Lids” və “Hibernian”a da rəhbərlik edib.
“Şeffild Yunayted” bu mövsüm Premyer Liqa çərçivəsində keçirdiyi 14 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib, 11 qarşılaşmadan məğlub ayrılıb. 5 xal toplamış kollektiv 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb


