Kristiano Ronaldo: “Dəyərli olmasam, ilk gedən mən olacağam”

“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo milli komandanın heyətində rəqabəti haqda söhbət açıb.

Arena.az xəbər verir ki, ulduz futbolçu milli komandaya töhfə verə biləcəyini hiss etdiyi müddətdə yığmanın əsas heyətində yer almaq üçün mübarizə aparmağa hazır olduğunu dilə gətirib:

“Beynimdə mən həmişə başlanğıc heyətindəyəm. Həm milli komandada, həm də oynadığım klublarda məşqçilərin qərarlarına həmişə hörmətlə yanaşacağam. Peşə ədəb-ərkanına gəlincə də, mən həmişə məşqçilərin qərarlarına hörmətlə yanaşacağam”, deyə Ronaldo vurğulayıb.

Ronaldo milli komandadakı gələcəyi ilə bağlı sualı da cavablayıb:

“İndi mən də hiss edirəm və məşqçinin də sözləri bunu göstərir ki, komanda üçün dəyərli varlıq olmağa davam edirəm. Artıq belə olmayacaqsa, dəyərli varlıq deyiləmsə, ilk gedən mən olacağam. Amma getsəm, vicdanım təmiz gedəcəyəm. Mən kim olduğumu, nə edə biləcəyimi, nə etdiyimi və nələri davam etdirəcəyimi bilirəm”.

Xatırladaq ki, 2015-ci ildə Ronaldo Portuqal Futbol Federasiyası (PFP) tərəfindən Portuqaliya futbol tarixinin ən yaxşı oyunçusu elan edilib. Ronaldo milli komanda ilə 2016-cı il Avropa çempionatının qalibi olub.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: