Kristofer Lens “Leypsiq”i “Hoffenhaym”a dəyişdi

Bu yay “Leypsiq”dən azad agent kimi ayrılmış almaniyalı sol cinah müdafiəçisi Kristofer Lens bundan sonra “Hoffenhaym”da çıxış edəcək.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Kristofer Lens peşəkar karyerasına “Herta”da başlayıb. O, “Borussiya” (Mönhenqladbax), “Union Berlin”, “Holştayn Kil”, “Ayntraxt” (Frankfurt) kimi klublarda da çıxış edib.

2023-cü ilin avqust ayında “Ayntraxt”dan 1 milyon avro müqabilində “Leypsiq”ə keçən müdafiəçi bu komandanın heyətində cəmi 8 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Almaniyanın U-18 və U-19 yığmalarında oynamış Lensə əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

“Hoffenhaym” mərkəz yarımmüdafiəçisi Florian Mixelerlə də yeni müqavilə imzalandığını açıqlayıb. Avstriyadan olan istedadlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonuna qədər idi.

Xatırladaq ki, Avstriyada “İnsbruk” və “Tirol” kimi klubların futbol akademiyasından keçmiş Mixeler “Hoffenhaym”a 2021-ci ilin iyul ayında cəlb olunub. Klubun U-19 komandasının heyətində 48 oyuna 9 qol vurub, 22 məhsuldar ötürmə vermiş futbolçu bu ildən əsas komandaya cəlb olunub. İstedadlı yarımmüdafiəçi artıq əsas komandanın heyətində 2 oyuna da çıxıb.

Avstriyanın U-21 yığmasında çıxış edən Mixeler daha öncə U-17, U-18 və U-19-da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: