İtaliyanın “Milan” klubu heyətini iki yeni futbolçu – hücumçu Kristofer Nkunku və yarımmüdafiəçi Adrien Rabyo ilə gücləndirib.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Nkunku İngiltərənin “Çelsi” klubundan 37 milyon avro müqabilində heyətə cəlb edilib. 27 yaşlı fransalı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Adrien Rabyo isə Fransanın “Olimpik” (Marsel) klubundan “Milan”a keçib. İtaliya klubu fransalı oyunçunun keçidi üçün 9 milyon avrosundan keçib. 30 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ilin iyul ayından ötən ilin yayına kimi “Leypsiq”in formasını geyinib. O, Bundesliqa təmsilçisinin heyətində 172 oyuna çıxıb. Bu oyunlarda 70 qol vurmuş hücumçunun hesabında 56 məhsuldar ötürmə də var. Nkunkunun PSJ karyerası isə 78 oyun, 11 qol və 4 assistdən ibarətdir.
Nkunku “Çelsi”yə 2023-cü ilin yayında Almaniyanın “Leypsiq” klubundan 60 milyon avroya transfer edilmişdi. Onun London klubu ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcud idi. Fransalı futbolçu “zadəganlar”ın heyətində 62 oyun keçirib, 18 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Hücumçu 2022-ci ildə debüt etdiyi Fransa milli komandasının heyətində 14 oyun keçirib, 1 qol vurub, 2 assist edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Rabyo yenidən İtaliyada
Adrien Rabyo da böyük futbolda PSJ-nin heyətində debüt edib. O, bir müddət “Tuluza”da icarə əsasında çıxış edib. Fransalı futbolçu 2019-cu ilin iyulunda PSJ-dən azad agent qismində “Yuventus”a keçib. 2024-cü ilin yayında İtaliya klubundan ayrılan yarımmüdafiəçi Marsel “Olimpik”inə üz tutmuşdu. Amma bu yay komanda yoldaşı ilə dalaşmış futbolçunun Fransa klubundan ayrılması gündəmə gəlmişdi.
Rabyo “Olimpik”in heyətində bütün yarışlarda 32 oyuna 10 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Adrien Rabyo 2016-cı ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
Adrien Rabyonun qənimətlər muzeyində PSJ ilə qazandığı 6 Fransa Liqa 1 çempionluğu, 4 Fransa Kuboku, 5 Fransa Liqa Kuboku, 4 Fransa Super Kuboku, həmçinin “Yuventus”la İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, İtaliya Super Kuboku var.
Rabyo “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasını qazanıb və Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı Rabyonun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.



