Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”nin mərkəz yarımmüdafiəçisi Talisson Moreyra Reys (Ktatau) əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu Türkiyədə 5-ci metatarsal (daraq) sümük nahiyəsindən əməliyyat keçirib. Yarımmüdafiəçinin təxminən 3-4 ay sonra yaşıl meydanlara dönəcəyi vurğulanır.
Xatırladaq ki, “Zirə” Talissonu bu yay Portuqaliyanın “Şaveş” klubundan transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. O, “qartallar”ın heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Ktatau futbola Braziliyanın “Koimbra” klubunda başlayıb. Daha sonra “Pedras Salqadas”, “Quarani” və “Felqeyras”da da çıxış etmiş futbolçu “Şaveş”in heyətində 61 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.


